İslamın qızıl çağı
İslamın qızıl dövrü ya da İslam renessansı — VIII əsrdən XIII əsrə qədər İslam dünyasının yüksəlişini ifadə edən dövr. Ancaq bəzi mənbələrdə bu dövrün XIV əsrə, bir başqa mənbələrdə isə XV əsrə qədər davam etdiyi deyilir. Bu dövr əsnasında İslam dünyasında mühəndislər, alimlər, tacirlər sənətə, əkinçiliyə, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, gəmiçiliyə, fəlsəfəyə və elmə və texnologiyaya köhnə adətləri qoruyub yenilərini əlavə edərək iştirak etdi. Hovard R. Terner: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi." demişdir.
VII əsrdə Şərq ölkələrini işğal edən bədəvi ərəblər burada özlərindən qat-qat mədəni xalqlarla qarşılaşdılar. Misir, Finikiya, Suriya, Mesopotomiya və İranın zəngin mədəniyyəti qarşısında çaşıb qalan bədəvilər bu ehtişamı mənimsəməyə başladılar. Tezliklə Arami, Şumer, Yunan, Fars mədəniyyətləri çox haqsız yerə "ərəb-islam mədəniyyəti" adı ilə dünyaya tanıdıldı. Bu mühitdə yetişən böyük dahilərə "ərəb alimləri" deyilməyə başlandı. Halbuki İslam Renessansının böyük xadimlərindən heç biri ərəb deyildi. Məhz bu alimlər böyük bir İntibah başlatdılar.